Azərbaycan İntellektual Klublar Assosiasiyası Kubokunun üçüncü mərhələsində ölkəmizin müxtəlif regionlarından bilicilər Lənkəranda toplaşacaqlar
Bakı, 31 oktyabr (AZƏRTAC). Noyabrın 2-3-də Lənkəranda Azərbaycan İntellektual Klublar Assosiasiyası Kubokunun üçüncü mərhələsi keçiriləcəkdir.
Azərbaycan İntellektual Klublar Assosiasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, “Bilik Kuboku” adlanan turnir Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə reallaşacaqdır.
Kubokun ilk iki mərhələsi müvafiq olaraq cari ilin mart və may aylarında Şəkidə və Gəncədə keçirilmişdir.
Turnirin təşkilatçıları Azərbaycan İntellektual Klublar Assosiasiyası, eləcə də həmin təşkilata üzv olan və Azərbaycan Universitetində fəaliyyət göstərən “Azərbaycan” intellektual oyunlar klubudur.
Turnirdə Bakı şəhərindən və Azərbaycanın regionlarından təxminən 25 komanda iştirak edəcəkdir. Regionlar turnirdə 8 komanda ilə təmsil olunur.
Turnirin proqramı “Nə? Harada? Nə vaxt?”, “Breyn-rinq”, “Svoya iqra” və “Erudit-kvartet” oyunları üzrə yarışlardan ibarətdir.
Azərbaycan İntellektual Klublar Assosiasiyası 2012-ci ildə təsis olunmuşdur. Assosiasiyanın əsas məqsədi mövcud intellektual oyunlar klubunun inkişafı və Azərbaycanın regionlarında yeni klublar yaratmaqdan ibarətdir. Assosiasiya öz fəaliyyətini həm Azərbaycan, həm də rus dilində həyata keçirir.
Hazırda assosiasiyaya “İçərişəhər”, “İqtisadçı”, “Diplomat” və “Azərbaycan” klubları, Gəncə, Lənkəran, Şəki və Ağdaş intellektual oyunlar klubları daxildir.
2013-cü ilin dekabr ayında Bakı şəhərində Azərbaycan İntellektual Klublar Assosiasiyası Kubokunun yekun mərhələsi keçiriləcək və üç mərhələnin nəticələri üzrə ən yaxşı komandalar bu mərhələdə iştirak edəcəklər.