AZƏRBAYCAN KİNEMATOQRAFÇILARININ UĞURU
Nazir Əbülfəs Qarayev vurğulamışdır ki, son aylarda Azərbaycan kinosu bir sıra uğurlar qazanmışdır. Bu yaxınlarda YUNESKO-nun təşkilatçılığı ilə Rumıniyada Beynəlxalq “Exo-etnofolk” kinofestivalı keçirilmişdir. Avropa ölkələrinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycanı gənc rejissor İqbal Məmmədəliyev təmsil etmişdir. Onun “Azərbaycanın qədim tarixi abidələri” sənədli filmi festivalın xüsusi diplomuna layiq görülmüşdür. Həmin mövzu indi son dərəcə aktualdır və ermənilərə yaxşı cavabdır.
Ə.Qarayev İqbal Məmmədəliyevə festivalın diplomunu və YUNESKO-nun xüsusi mükafatını, Mədəniyyət və Turizm Nazirliyinin pul mükafatını təqdim etmişdir.
Həmin festivalda rejissor Yusif Quliyevin “Keçid” filmi də birinci yerə və xüsusi diploma layiq görülmüşdür.
Sevinc hissi ilə vurğulanmışdır ki, bu qələbələri Azərbaycan kinosunun gələcək ümidləri - gənc kinematoqrafçılar qazanmışlar.
YUNESKO-nun Azərbaycan üzrə əlaqələndirmə komitəsi milli komissiyasının sədri, xüsusi tapşırıqlar üzrə səfir Fuad İskəndərov demişdir ki, Mədəniyyət və Turizm Nazirliyi böyük işlər görür, ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirir.
Natiqlər kinofestivalda Avropanın 6 ölkəsindən tanınmış kinematoqrafçıların daxil olduğu münsiflər heyətinin qərarı ilə Azərbaycan sənətçilərinin qalib hesab olunmasını böyük hadisə kimi dəyərləndirmişlər.
Bir neçə beynəlxalq kinofestivallarda iştirak etmiş Yusif Quliyevin “Keçid” filmi bu yaxınlarda Smolenskdə keçirilən kinofestivalda nümayiş etdirilmiş və Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kərimi “Kinofilmə yazılmış ən yaxşı musiqi” nominasiyası üzrə xüsusi diploma layiq görülmüşdur.
Rejissor, xalq artisti Eldar Quliyev kinematoqrafçıları təbrik etmiş, gənc rejissorlar Yusif Quliyev və İqbal Məmmədəliyevin qazandıqları bu ilk mükafatın hələ başlanğıc olduğunu bildirmişdir.