AZƏRBAYCAN-LATVİYA BİZNES FORUMU ÖZ İŞİNƏ BAŞLAMIŞDIR
“Hyatt Regency” hotelində keçirilən tədbirdə Azərbaycandan 150-dən artıq, Latviyadan isə 50-yə yaxın şirkətin nümayəndəsi iştirak edir.
Biznes forumda Azərbaycanın iqtisadi inkişaf naziri Fərhad Əliyev, Latviyanın iqtisadiyyat naziri Krişyanis Karinş, nəqliyyat və rabitə naziri Aynars Şlesers çıxış etmişlər. Nazirlər öz ölkələrinin iqtisadiyyatı, biznes mühiti, sərmayə imkanları haqqında məlumat vermişlər.
Fərhad Əliyev bildirmişdir ki, Azərbaycanda xarici sərmayəyə “açıq qapı” elan edilmiş, indiyədək ölkə iqtisadiyyatına ümumilikdə 26 milyard ABŞ dolları məbləğində sərmayə qoyulmuşdur. Bunun 19 milyard dollarını xarici sərmayələr təşkil edir. Bu gün Azərbaycan xarici sərmayələrin adambaşına düşən məbləğinə görə MDB və Şərqi Avropa ölkələri arasında ilk yerlərdən birini tutur. Son illərdə vergi, gömrük sistemləri daha da təkmilləşdirilmiş, hüquqi şəxslərin qeydiyyatı prosesi, lisenziyalaşdırma və viza rejimi sadələşdirilmişdir. Dövlət-sahibkar dialoqunun səmərəli təşkili üçün Azərbaycan Prezidenti yanında Sahibkarlar Şurası, ölkəmizə sərmayələrin cəlb edilməsinin sürətləndirilməsinə, ixrac qabiliyyətinin artırılmasına yardım göstərən İxracın və Sərmayələrin Təşviqi Fondu fəaliyyət göstərir.
Çıxışının sonunda nazir latviyalı iş adamlarını fəal əməkdaşlığa dəvət etmişdir.
Azərbaycanda İxracın və Sərmayələrin Təşviqi Fondunun prezidenti Emin Məcidov, Latviya Sərmayə və İnkişaf Agentliyinin direktoru Andris Ozols iş adamlarına ölkələrinin iqtisadiyyatının strukturu, xarici ticarəti, sərmayə mühiti, qanunvericiliyi, vergi və gömrük sistemləri, lisenziya qaydaları və s. haqqında məlumat vermişlər.
Latviya şirkətlərinin istehsal etdiyi ərzaq məhsullarının dequstasiyası keçirilmişdir.
Sonra Azərbaycan və Latviya şirkətləri arasında ikitərəfli görüşlər olmuşdur.
Biznes forum öz işini oktyabrın 4-də davam etdirəcəkdir.