AZƏRBAYCAN-LATVİYA SƏNƏDLƏRİNİN İMZALANMASI
Oktyabrın 3-də, geniş heyətdə görüş başa çatdıqdan sonra Prezident sarayında Azərbaycan və Latviya prezidentlərinin iştirakı ilə ikitərəfli sənədlərin imzalanma mərasimi olmuşdur.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Latviya Respublikasının Prezidenti xanım Vayra Vike-Freyberqa Birgə bəyannamə imzaladılar.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Latviya Respublikasının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində sazişi Azərbaycan tərəfindən mədəniyyət naziri Polad Bülbüloğlu, Latviya tərəfindən mədəniyyət naziri xanım Helena Demakovas, Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında gömrük məsələlərində qarşılıqlı yardım haqqında sazişi Azərbaycan tərəfindən Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Heydərov, Latviya tərəfindən iqtisadiyyat naziri Krişyanis Arturs Karinş, Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası hökuməti arasında sərmayələrin qarşılıqlı qorunması və təşviqi haqqında sazişi Azərbaycan tərəfindən iqtisadi inkişaf naziri Fərhad Əliyev, Latviya tərəfindən iqtisadiyyat naziri Krişyanis Arturs Karinş, Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında terrorizmə, mütəşəkkil cinayətkarlığa, narkotik və psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin aparılmasında əməkdaşlıq haqqında sazişi Azərbaycan tərəfindən daxili işlər naziri Ramil Usubov, Latviya tərəfindən nəqliyyat və kommunikasiya naziri Aynars Şlesers imzaladılar.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Latviyanın iqtisadiyyat naziri Krişyanis Arturs Karinş Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında ikiqat vergitutmanın aradan qaldırılması və vergidənyayınma hallarının qarşısının alınması haqqında sazişi və Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq sahəsində sazişi imzaladılar.