AZƏRBAYCAN-LİTVA ƏMƏKDAŞLIĞI UĞURLA İNKİŞAF EDİR
Məmmədov iyunun 9-da ölkəmizdə səfərdə olan Litva Respublikasının Ədliyyə Nazirliyinin dövlət katibi Paulius Koverovas ilə görüşmüşdür.
Litva Prezidenti Valdas Adamkusun Azərbaycana ilk rəsmi səfərinin mühüm əhəmiyyətini bildirən nazir, ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərinin son illər daha da genişləndiyini qeyd etmişdir. Nazir, hüquqi sahədə əməkdaşlığa xüsusi diqqət yetirildiyini, ədliyyə orqanları arasında sıx əlaqələrin qurulduğunu, Vilnüsə səfəri zamanı hüquqi yardıma dair dövlətlərarası müqavilələrin imzalanması ilə möhkəm müqavilə-hüquq bazasının təməlinin qoyulduğunu vurğulamışdır.
Ötən ilin payızında respublikamızda səfərdə olmuş Litvanın ədliyyə naziri Gintautas Bujinskas ölkəmizin ədliyyə orqanları və məhkəmələrinin fəaliyyəti ilə tanış olmuş, faydalı danışıqlar və təcrübə mübadiləsi aparılmış, ədliyyə nazirlikləri arasında əlaqələrin daha da inkişafına xidmət edən Əməkdaşlıq Proqramı imzalanmışdır.
Ən yüksək səviyyəli nümayəndə heyətinin tərkibində Azərbaycanda olmaqdan şərəf duyduğunu bildirən Paulius Koverovas Litvanın ölkəmizlə hərtərəfli, o cümlədən hüquqi sahədə əməkdaşlığa mühüm önəm verdiyini xüsusi vurğulayaraq, Azərbaycanda uğurla həyata keçirilən məhkəmə-hüquq islahatının verdiyi müsbət nəticələri yüksək qiymətləndirmiş, bu sahədə ölkəmizin təcrübəsinin böyük maraq doğurduğunu və qarşılıqlı əməkdaşlığın əhəmiyyətini qeyd etmişdir.
Görüşdə ədliyyə orqanları arasında əlaqələrin inkişaf perspektivləri və digər konkret əməkdaşlıq məsələləri müzakirə edilmişdir.
Sonra qonaq nazirlikdə Heydər Əliyev muzeyi və Ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur.
Görüşdə ədliyyə nazirinin müavini Toğrul Musayev iştirak etmişdir.