Azərbaycan Malayziya Kralının doğum günü mərasimində təmsil olunub
Kuala Lumpur, 18 avqust, AZƏRTAC
Avqustun 17-də Malayziyanın Kralı Əlahəzrət əl-Sultan Abdullah Riayatuddin əl-Mustafa Billah Şah ibn Hacı Əhməd Şah əl-Mustain Billahın doğum günü münasibətilə “İstana Melavati” dövlət sarayında rəsmi mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın Malayziyadakı səfiri, eyni zamanda, bu ölkədəki diplomatik korpusun duayeni Qaley Allahverdiyev təbrik nitqi ilə çıxış edib.
Səfir Q.Allahverdiyev diplomatik korpusun adından etdiyi çıxışda diplomatik fəaliyyəti dövründə digər ölkələrdən olan həmkarları ilə birgə Malayziya dövlətçiliyinin inkişafında Əlahəzrət Kralın böyük əzminin şahidi olduğunu, bu istiqamətdə əldə edilmiş nailiyyətlərin rəğbət doğurduğunu bildirib. Müasir dövrümüzdə qlobal çağırışa çevrilmiş COVID-19 pandemiyasına qarşı Malayziyanın atdığı addımları nümunəvi mübarizə tədbirləri kimi qiymətləndirən diplomat onların beynəlxalq ictimaiyyət tərəfindən də təqdirəlayiq hesab edildiyini vurğulayıb.
Azərbaycan diplomatı Əlahəzrət Kralın rəhbərliyi ilə Malayziya hökumətinin uğurlarını gələcəkdə də davam etdirəcəyinə, ölkənin mütərəqqi, qüdrətli və müstəqil dövlətçiliyinin inkişaf edəcəyinə əminliyini bildirib.
Mərasimdə dövlət və hökumət rəsmiləri, ölkə ştatlarının sultanları, parlamentin üzvləri və diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala Lumpur