Azərbaycan Mətbuat Şurasının şikayətlər üzrə komissiyasının iclası keçirilmişdir
Bakı, 23 fevral (AZƏRTAC). Fevralın 23-də Azərbaycan Mətbuat Şurasının şikayətlər üzrə komissiyasının növbəti iclası keçirilmişdir.
Mətbuat Şurası sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin sədrliyi ilə keçirilən iclasda komissiyaya daxil olmuş şikayətlər müzakirə edilmişdir.
Şuradan AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə Bakı şəhərindəki 173 nömrəli orta məktəbin “Super market” qəzeti ilə bağlı müraciətinə baxılmışdır.
Şikayətdə bu mətbu orqanın 7 yanvar 2012-ci il tarixli nömrəsində dərc edilmiş “Orta məktəbin qaranlıq dəhlizləri” sərlövhəli, “Oxucumuz övladlarının oxuduğu məktəbdə özbaşınalıq, rüşvətxorluğun baş alıb getməsindən şikayət edir” altsərlövhəli yazının araşdırılma aparılmadan, subyektiv mülahizələr əsasında təqdim olunduğu bildirilmişdir. Müraciətdə, həmçinin məqalədə məktəb rəhbərliyinin və pedaqoji kollektivin ayrı-ayrı üzvlərinin şərəf və ləyaqətinin təhqirinə, işgüzar nüfuzunun aşağılanmasına yönələn ittiham xarakterli fikirlərin yer aldığı göstərilmişdir. Qeyd olunmuşdur ki, qarşı tərəfin mövqeyi öyrənilmədiyindən “Kütləvi informasiya vasitələri haqqında” Qanunun 10-cu maddəsinin (“Kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyi”) və “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın bir sıra prinsip və bəndlərinin tələblərinin pozulduğu qərəzli nümunə səhifəyə çıxarılmışdır. Şikayətə məsələ ilə əlaqədar təkzib verilməsi üçün məktəb rəhbərliyi tərəfindən qəzetə ünvanlanan məktubun surəti də əlavə olunmuşdur.
Müzakirələr zamanı şikayətdə ifadəsini tapan məqamlarla bağlı qəzetin baş redaktoru Etibar Bağırova komissiyanın iradları çatdırılmışdır. Bildirilmişdir ki, istər mövzuya yanaşma tərzində, istərsə də qarşı tərəfin mövqeyinin ifadə olunduğu məktubunun təqdim edilməsinə münasibətdə qəzetin tutduğu yol da qüsurludur. Qəzetə həmin məktubun dərci tövsiyə olunmuşdur.
“Sədərək” firmasının məktubunda “Azadlıq” və “Yeni Müsavat” qəzetlərində bu qurum barədə dərc olunan yazılarda əsasən qarşı tərəfin mövqeyinin öyrənilmədiyi göstərilmişdir. Bununla da “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın “Həqiqətə xidmət, dəqiqlik və obyektivlik” adlı 1-ci prinsipinin 1.2 bəndinin tələbləri pozulmuşdur.
Hər iki qəzetin təmsilçiləri isə məsələ ilə bağlı dəqiqləşdirmələr aparılmasında qarşılaşdıqları çətinliklərdən danışmışlar. Onlar şikayətçi tərəfin mövqeyini əks etdirən məktubun dərcinə hazır olduqlarını bildirmişlər. Komissiya, həmçinin “Sədərək” firmasına gələcəkdə bu kimi məsələlərlə üzləşməməsi üçün ictimaiyyətlə əlaqələr sahəsindəki işini tələblər səviyyəsində qurmağı tövsiyə etmişdir. Bunun üçün firmanın yaxın zamanlarda KİV təmsilçilərinin iştirakı ilə görüş keçirməsinin və fəaliyyəti barədə ətraflı məlumat verməsinin vacibliyi də vurğulanmışdır.
İclasda “Azərinteltek” QSC-nin nümayəndəsi təmsil etdiyi qurumun idman mərc oyunlarının rəsmi operatoru kimi akkreditasiya olunduğunu demişdir. O, “Yeni Müsavat” qəzetinin 5 oktyabr 2011-ci il tarixli nömrəsində qurum barədə dərc olunmuş “Topaz”ın 188 min manatlıq fırıldağı” sərlövhəli yazıda ifadəsini tapan fikirlərin təkzibi üçün nəşrə QSC adından müraciət göndərildiyini bildirmişdir. Şikayətçi qəzetdə dərc olunmuş “Topaz”dan təkzib gəldi” (22.10.2011) sərlövhəli yazının QSC-ni qane etmədiyini söyləmiş və Mətbuat Şurasından qurumun işgüzar nüfuzuna xələl gətirən belə halın qarşısının alınması üçün tədbir görülməsini xahiş etmişdir.
Komissiya müvafiq materiallarla tanışlıqdan sonra şikayətçini qane edəcək təkzibin verilməsi qənaətinə gəlmişdir. Bildirilmişdir ki, məsələyə bu cür yanaşma tərəflərin məhkəmə ilə üzləşmə perspektivini aradan qaldırır. Şikayətçinin tələbi haqlı sayılmış və qəzetə qarşı tərəfin təkzib tələbini tam yerinə yetirməyi tövsiyə etmişdir.
Sonda “Ehtiyatda və İstefada olan Zabitlər” İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik-leytenant Yaşar Cəfərlinin “Elçi” və “Hürriyyət” qəzetlərində onun barəsində gedən yazılarla bağlı şikayəti araşdırılmışdır. “Hürriyyət” qəzetinin təmsilçisi müzakirədə iştirak etmədiyindən müraciətin bu hissəsinə komissiyanın növbəti iclasında baxılması qərara alınmışdır.
“Elçi” qəzetinin rəhbəri Əli Həziquliyev qarşı tərəfin iradlarını səmimi qəbul etmişdir. O bildirmişdir ki, material yoxlanılmadan dərc olunmuşdur və yazılanlar qəzetin rəsmi mövqeyi deyil. Buna görə də nəşr şikayətçi tərəfin tələbini yerinə yetirməyə hazırdır. Y.Cəfərli bu mövqeyi məqbul hesab etdiyindən komissiya tərəflər arasında anlaşma əldə olunduğunu əsas götürərək məsələni bitmiş saymışdır.