AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ ÜZVLƏRİ HAQQINDA MƏLUMAT KİTABI ÇAP OLUNMUŞDUR
İki cilddə tərtib edilmiş “Məlumat kitabı”nda, ilk növbədə, akademiyanın təşəkkül mərhələləri, strukturu və idarəetmə sistemi, quruma daxil olan elm bölmələri və müvafiq bölmələr üzrə akademiya üzvlərinin həyatı, elmi-pedaqoji və ictimai fəaliyyətləri haqqında məlumatlar, həmçinin bölmələrdə çalışan elmlər doktorlarının siyahısı Azərbaycan, rus və ingilis dillərində ardıcıllıqla verilmişdir.
“Məlumat kitabı”nda AMEA-nın fəxri üzvləri və doktorları, təsis edildiyi vaxtdan bu günədək Akademiyada keçirilmiş seçkilər və onların nəticələri, Azərbaycan SSR Xalq Komissarları Soveti tərəfindən təsdiq edilmiş ilk 15 üzvün, həqiqi və müxbir üzvlərin həyat və fəaliyyətlərinin əsas tarixləri və sair məlumat da əksini tapmışdır.
Redaktoru AMEA-nın prezidenti Mahmud Kərimov olan bu nəşrin I cildində fizika-riyaziyyat və texnika, kimya, Yer elmləri, II cildində isə biologiya, humanitar və ictimai elmlər bölmələri və bu bölmələrə daxil olan elmi idarələr, eləcə də akademiyanın Naxçıvan bölməsi, Azərbaycan elminin inkişafında misilsiz xidmətlər göstərmiş alimlər haqqında məlumat verilmişdir.