CƏMİYYƏT
Azərbaycan Milli Ordusunun ilk hərbi hissəsinin yaradılmasının 21-ci ildönümü qeyd edilmişdir
Bakı, 9 oktyabr (AZƏRTAC). Oktyabrın 9-da Beynəlxalq Mətbuat Mərkəzində Bakı Şəhər Veteranlar Şurasının təşkilatçılığı ilə Azərbaycan Milli Ordusunun ilk 701 saylı hərbi hissəsinin yaradılmasının 21-ci ildönümünə həsr edilmiş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə 701 saylı hərbi hissənin Veteranlar Şurasının sədri, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə bu briqadanın yaradılması münasibətilə iştirakçıları təbrik etmiş, onun tarixi, keçdiyi şanlı döyüş yolu haqqında ətraflı məlumat vermişdir. Bildirmişdir ki, 701 saylı hissə 1991-ci il oktyabrın 9-da Şıx qəsəbəsində sovet ordusuna məxsus 18110 saylı hərbi hissədə yaradılmış, iki ay sonra isə Qarabağda döyüşlərə başlamışdır. Briqada Şuşa rayonunun kəndlərinin, Xocalının, Kəlbəcərin müdafiəsində, Daşaltı əməliyyatında, 1994-cü ildə isə Füzuli və Murovdağ istiqamətindəki hücum əməliyyatlarında iştirak etmişdir.
Hərbi hissə əsasən Laçın və Kəlbəcər rayonlarının müdafiəsi zamanı dağlıq ərazilərdə iki istiqamətdə mövqe döyüşləri apararaq iki ay müvəffəqiyyətlə müdafiə olunmuşdur. Briqada aramsız davam edən müxtəlif döyüşlərdə düşməni yorub taqətdən salmış, onu ağır itkilərə uğradaraq ön cəbhədə hücumunu dayandırmağa nail olmuşdur. Hərbi hissə manevr edərək düşmənin cinahlarına çıxmış və onun hücum planlarını pozmuşdur. 701 saylı hərbi hissə itki verərək Kəlbəcər və Laçın rayonlarının dinc sakinlərinin təxliyə edilməsinə şərait yaratmış və bununla da mülki əhalinin itkilərinin sayının azalmasına nail olunmuşdur.
Qeyd edilmişdir ki, hərbi hissənin şəxsi heyətinin döyüşçüləri dövlətimiz tərəfindən müxtəlif fəxri adlara və mükafatlara layiq görülmüşlər.
Tədbirdə 701 saylı hərbi hissənin sabiq qərargah rəisi, ehtiyatda olan polkovnik-leytenant Aydın Şiriyev və digərləri çıxış edərək briqadanın keçdiyi döyüş yolu, hərbçilərimizin göstərdikləri qəhrəmanlıq və şücaətlər haqqında söhbət açmış, gənclərdə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsinin vacibliyini vurğulamışlar.
Mərasimdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin elmi əsərlər məcmuəsi əsasında hazırlanmış film nümayiş etdirilmişdir.