AZƏRBAYCAN MUSİQİÇİLƏRİ XII MÜNHEN OPERA SƏNƏTİ FESTİVALINDA MÜVƏFFƏQİYYƏTLƏ ÇIXIŞ ETMİŞLƏR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri XII Münhen opera sənəti festivalından qayıtmışdır.
İyulun 28-dən avqustun 4-dək davam edən festivalda 55 nəfərdən ibarət Azərbaycan nümayəndə heyətinə teatrın direktoru Akif Məlikov başçılıq etmişdir.
Almaniyanın ən zəngin və tanınmış iş adamlarından biri olan İmmlinq malikanəsinin sahibi Lüdviq Baumanın və festivalın musiqi rəhbəri, baş dirijoru xanım Korneliya Fon Kerssenbrokun təşəbbüsü ilə hər il keçirilən ənənəvi musiqi bayramında Azərbaycan sənətçiləri dördüncü dəfə iştirak edirdilər.
Simfonik orkestrimiz iyulun 30-u və avqustun 1-də C.Verdinin “Riqoletto” operasının iki tamaşasında iştirak etmişdir. Yüksək səviyyədə keçən hər iki tamaşada orkestrimizin parlaq ifası böyük rəğbətlə qarşılanmışdır.
Almaniyanın aparıcı televiziya kanallarından biri “Riqoletto” tamaşasını bütünlükdə nümayiş etdirmişdir. Tamaşadan öncə telekanalda Azərbaycan orkestri haqqında geniş məlumat verilmişdir.
Avqustun 3-də orkestr festivalın “Qrand final” konsertində də çıxış etmişdir. Final konserti çoxsaylı KİV-lər, o cümlədən televiziya kanalları tərəfindən işıqlandırılmışdır.
Final konsertində Azərbaycan musiqisinə də geniş yer verilmişdir. Azərbaycan Opera və Balet Teatrının solisti, əməkdar artist Əvəz Abdullayev “Seviliya bərbəri”, “Traviata”, “Aida” kimi klassik operalardan ariya və duetlər ifa etməklə yanaşı, Q.Qarayev və C.Hacıyevin “Vətən” operasından Mərdanın ariyasını da yüksək professionallıqla oxumuşdur. Teatrın baş dirijoru, xalq artisti Cavanşir Cəfərovun idarə etdiyi orkestrin ifasında Qara Qarayevin, Polad Bülbüloğlunun musiqiləri səslənmişdir. Çox əlamətdar haldır ki, festival məhz Q.Qarayevin “Yeddi gözəl” baletindən valsla başa çatmışdır.
Festivalın təşkilatçıları Lüdviq Bauman və xanım Korneliya Fon Kerssenbrok musiqiçilərimizin parlaq çıxışlarına görə teatrın direktoru Akif Məlikova təşəkkürlərini bildirmiş və simfonik orkestrimizi 2009-cu ildə keçiriləcək növbəti festivala dəvət etmişlər.