AZƏRBAYCAN NATO PA-NIN BAKIDA KEÇİRİLƏCƏK NÖVBƏTİ ROUZ-ROUT SEMİNARINA CİDDİ HAZIRLAŞIR
Dennis Sammit demişdir ki, Bakıya səfərdən məqsəd Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat toplamaq, Cənubi Qafqaz Parlament Assambleyasının yaradılmasına Azərbaycanın münasibətini və NATO Parlament Assambleyasının Bakıda keçiriləcək növbəti Rouz-Rout seminarının təşkilati işlərinin gedişi ilə maraqlanmaqdır. Şəbəkə 2005-ci ilin yanvarından təşəbbüs layihəsinə sədrliyi Azərbaycana həvalə etmək fikrindədir.
Ziyafət Əsgərov demişdir ki, Azərbaycan 10 ildən artıqdır ki, zorən müharibəyə cəlb olunub və torpaqlarımızın 20 faizi işğal altındadır. Bir sıra beynəlxalq təşkilatlar, eləcə də münaqişənin həlli ilə birbaşa məşğul olan ATƏT-in Minsk qrupu problemin aradan qaldırılmasına nail ola bilməmişlər. Bunun bir səbəbi də həmin təşkilatların məsələyə ikili standartlardan yanaşmasıdır. Nəzərə alınmalıdır ki, Ermənistan təcavüzkar dövlətdir və terroru dövlət səviyyəsində müdafiə edir. Ümid edirik ki, London məlumat şəbəkəsi bu səfər çərçivəsində münaqişə ilə bağlı tam, düzgün məlumatlar toplayaraq problemin ədalətli həlli yolunun tapılmasına öz töhfəsini verəcəkdir.
Cənubi Qafqaz Parlament Assambleyasının yaradılmasına gəldikdə isə Azərbaycan buna etiraz etmir. Amma təcavüzkar bir dövlətlə hər hansı bir işbirliyinin qurulması qeyri-mümkündür. Münaqişə öz ədalətli həllini tapmayana qədər Azərbaycanla Ermənistan arasında heç bir siyasi, iqtisadi əlaqə qurulmayacaqdır.
Azərbaycan hökuməti və parlamenti Bakıda keçiriləcək Rouz-Rout seminarına ciddi hazırlaşır. Biz hesab edirik ki, NATO rəhbərliyinin belə bir tədbirin Bakıda keçirilməsinə razılıq verməsi bütövlükdə ölkəmizə göstərilən hörmətin təzahürüdür. Ona görə də bu tədbir lazımi səviyyədə keçiriləcək və bütün ölkələrin iştirakına imkan yaradılacaqdır.