Azərbaycan nümayəndə heyəti Avropa Nüvə Tədqiqatları Mərkəzində müzakirələr aparıb
Bakı, 1 may, AZƏRTAC
İsveçrənin Cenevrə şəhərində Avropa Nüvə Tədqiqatları Mərkəzində (CERN) görüşlər keçirilib. Tədbirdə Azərbaycanı rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, səfərin ilk günü nümayəndə heyəti CERN-in, o cümlədən Sinkrosiklotron, İdarəetmə, ATLAS, İfratkeçirici Maqnitin Sınaq və bir sıra təcrübə mərkəzlərinin fəaliyyəti ilə tanış olublar.
CERN-in məsul şəxsləri ilə görüşdə bu qurumun nümayəndələri Azərbaycan ilə əlaqələrin inkişafında maraqlı olduqlarını bildiriblər. Növbəti gün “Worldwide Large Hadron Collider Computing Grid” layihəsinin rəhbəri Y.Börd CERN-in kompyuter şəbəkəsi haqqında nümayəndə heyətini məlumatlandırıb, “TIER 0” DATA mərkəzi ilə tanış edib. Görüşdə Azərbaycanda yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulan və ən qabaqcıl texnologiyalara sahib olacaq Data Mərkəz haqqında da geniş məlumat verilib.
Səfər zamanı Azərbaycanın CERN-ə assosiativ üzv olması,ölkəmizdə nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə üçün Milli Nüvə Tədqiqatları Mərkəzinin layihələrə qoşulması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
CERN tərəfindən “Trans-Avrasiya Super İnformasiya Magistralı” layihəsinə də ciddi maraq göstərilib, informasiya magistralının gələcəkdə faydalı bölgə ölkələri ilə elmi əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb.