AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ AYİB-İN İLLİK TOPLANTISINDA İŞTİRAK ETMİŞDİR
Açılış mərasimində çıxış edən AYİB-in prezidenti Jan Lemyer ötən il AYİB tərəfindən 151 layihəyə 4,3 milyard avro məbləğində vəsaitin ayrıldığını qeyd edərək, islahatların aparılması, infrastukturun yaxşılaşdırılması, kiçik və orta sahibkarlığın dəstəklənməsi və bank sektorunun inkişafı sahəsində AYİB-in üzv ölkələrindəki fəaliyyətinin davam edəcəyini bildirmişdir.
AYİB-də Azərbaycan Respublikasından müdir, iqtisadi inkişaf naziri Heydər Babayev çıxış edərək, ölkəmizin iqtisadi göstəriciləri və mövcud investisiya mühiti, hazırda reallaşdırılan regional layihələr barədə geniş məlumat vermiş, əməkdaşlığın inkişafı üçün geniş imkanların mövcudluğunu və qeyri-neft sektorunun inkişafının ölkəmiz üçün prioritet olduğunu bildirmişdir.
Nazir Heydər Babayev Azərbaycanın 20 faiz ərazisinin Ermənistan tərəfindən işğal olunduğunu vurğulayaraq, bu amilin Mərkəzi Asiya və Qafqaz regionunda inteqrasiya prosesi üçün əsas mane olduğunu qeyd etmişdir.
Azərbaycan nümayəndə heyətinin başçısı indiyədək AYİB-in illik toplantılarının Qafqaz və Xəzər dənizi regionlarında keçirilmədiyini nəzərə alaraq, bankın gələcək İllik Toplantısının Bakıda keçirmək imkanlarının mümkünlüyünü toplantı iştirakçılarının diqqətinə çatdırmışdır.
Nümayəndə heyəti AYİB strukturlarının rəhbərləri, digər rəsmi şəxsləri ilə görüşmüş, bu nüfuzlu qurumla ölkəmiz arasında əməkdaşlığın mövcud vəziyyətini, əlaqələrin daha da genişləndirilməsi imkanlarını müzakirə etmişdir. AYİB-in prezidenti Jan Lemyerlə görüşdə qurumun Azərbaycandakı fəaliyyətindən məmnunluq ifadə olunmuş, regional layihələrin həyata keçirilməsi üçün ölkəmizin əlverişli coğrafi mövqeyə malik olması, gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilmişdir.
Xatırladaq ki, bank tərəfindən son illər Azərbaycana 600 milyon avrodan çox vəsait ayrılmışdır.
Digər ölkələrin, beynəlxalq maliyyə qurumlarının nümayəndə heyətləri ilə də görüşlər keçirilmişdir.
Toplantı zamanı Azərbaycan üzrə ölkə təqdimatı keçirilmiş və təqdimat böyük maraq doğurmuşdur. Ölkə təqdimatında sosial-iqtisadi inkişafa dair prioritetlər, beynəlxaq maliyyə institutları ilə əməkdaşlıq və Azərbaycanın biznes imkanları barədə məlumat verilmişdir. Bundan əlavə, tədbir iştirakçılarına ölkə iqtisadiyyatının vəziyyətini, investisiya mühitini əks etdirən təşviqat xarakterli materiallar paylanmışdır.
AYİB-in Müdirlər Şurasının iclasında bankın 2006-2010-cu illəri əhatə edən Kapital Ehtiyatları İcmalı fəaliyyəti ilə bağlı sənədlər qəbul edilmişdir.
İllik toplantı çərçivəsində biznes-forum keçirilmiş, tədbirdə Azərbaycandan 10-dan çox bankın rəhbəri və şirkət nümayəndələri iştirak etmişdir.
AYİB və Azərbaycanın özəl bankları arasında ümumi dəyəri 13,5 min avro olan kredit müqaviləsi imzalanmışdır. Kreditlər Azərbaycanda kiçik və orta sahibkarlığın dəstəklənməsinə yönəldiləcəkdir.