Azərbaycan nümayəndə heyəti Telekommunikasiyanın İnkişafı üzrə Ümumdünya Konfransında iştirak edir
Bakı, 10 oktyabr, AZƏRTAC
Azərbaycan nümayəndə heyəti Telekommunikasiyanın İnkişafı üzrə Ümumdünya Konfransında iştirak edir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Argentinanın paytaxtı Buenos-Ayres şəhərində Telekommunikasiyanın İnkişafı üzrə Ümumdünya Konfransı (WTDC) işə başlayıb.
Konfransda Azərbaycandan nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti, ölkəmizin Argentinadakı səfiri Rəşad Aslanov və səfirliyin 1-ci katibi Rəşad Səfərov iştirak edir.
Tədbirin açılış mərasimində BMT-nin baş katibi Antonio Quterreşin videomesaji səsləndirilib.
Daha sonra Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) baş katibi Hulin Cao, Argentinanın Nazirlər Kabinetinin rəhbəri Markos Pena, Vatikanın Argentinadakı rəsmi nümayəndəsi və Argentinanın modernləşdirilmə naziri çıxış ediblər.
Konfrans çərçivəsində dünya miqyasında telekommunikasiya sahəsində tənzimləmə mexanizmlərinin, qaydalarının təkmilləşdirilməsini, xüsusən də Davamlı İnkişaf Məqsədlərinin reallaşdırılmasını sürətləndirəcək yeni qərarların qəbul edilməsi gözlənilir.
Azərbaycan Regional Rabitə Birliyi ilə əməkdaşlıq çərçivəsində hazırlanmış 30 sənədə düzəliş layihələrinin hazırlanmasında iştirak edib və onların müzakirəsində fəallıq göstərəcək.
Tədbirdə BTİ-nin aparıcı struktur bölməsi olan Telekommunikasiyanın İnkişafı Bürosunun 25 illiyi qeyd ediləcək. Maraqlıdır ki, 1994-cü ildə Telekommunikasiyanın İnkişafı Bürosunun ilk iclası da Argentinada keçirilib.