MƏDƏNİYYƏT
Azərbaycan nümayəndəsi Daşkənddə “Turizm infrastrukturunun inkişafı və iqtisadiyyatın modernləşdirilməsi şəraitində ekoturizmin rolunun yüksəldilməsi” mövzusunda konfransda çıxış etmişdir
Daşkənd, 9 oktyabr (AZƏRTAC). “Özbəkturizm” Milli Şirkətinin və Daşkənd Dövlət İqtisadiyyat Universitetinin birgə təşkilatçılığı ilə “Turizm infrastrukturunun inkişafı və iqtisadiyyatın modernləşdirilməsi şəraitində ekoturizmin rolunun yüksəldilməsi” mövzusunda konfrans keçirilmişdir.
Tədbirdə deyilmişdir ki, Özbəkistanda ekoturizmin inkişafına xüsusi diqqət verilir, bu sahənin potensialı durmadan artır. Eyni zamanda, bu istiqamətdə təşkilati-hüquqi, sosial-iqtisadi amillər təkmilləşdirilir.
Konfransda Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycanın turizm potensialı, ölkəmizdə ekoturizmin inkişafı sahəsində görülən işlərlə əlaqədar çıxış etmişdir. O demişdir ki, Azərbaycan rəhbərliyi turizmin inkişafına böyük diqqət yetirir, regionlarda yeni-yeni turizm obyektləri, mehmanxanalar tikilir. Yer kürəsindəki 11 iqlim qurşağının 9-u Azərbaycanda mövcuddur. Ölkəmizdə müalicəvi Naftalan nefti insanlara şəfa verir, indi də keçmiş SSRİ məkanından, o cümlədən Özbəkistandan Naftalana müalicəyə gəlirlər.
Samir Abbasov çıxışında ölkəmizdəki tarixi abidələr haqqında ətraflı söhbət açmışdır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd