AZƏRBAYCAN-PAKİSTAN SƏNƏDLƏRİNİN İMZALANMASI
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, aprelin 13-də İslamabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Pakistan İslam Respublikasının Baş naziri Şövkət Əzizin iştirakı ilə bir sıra əməkdaşlıq barədə mühüm sənədlər imzalanması mərasimi olmuşdur.
Azərbaycan Respublikası hökuməti və Pakistan İslam Respublikası hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında sazişi Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov və Pakistanın mədəniyyət, idman və gənclər naziri Məhəmməd Acmal Xan, Azərbaycan Respublikası Nəqliyyat nazirliyi və Pakistan İslam Respublikasının Kommunikasiya Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında memorandumu Azərbaycanın Baş nazirinin birinci müavini Eyyub Yaqubov və Pakistanın kommunikasiya naziri Məhəmməd Şəmim Siddiqi, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Pakistan İslam Respublikası Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında sazişi Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov və Pakistanın sosial təminat və xüsusi təhsil naziri xanım Zübeydə Cəlal, Azərbaycan Respublikası hökuməti və Pakistan İslam Respublikası hökuməti arasında rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında sazişi Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və Pakistanın İnformasiya Texnologiyaları naziri Əhməd Xan Leqari, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Pakistan İslam Respublikası Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında sazişi Azərbaycanın maliyyə naziri Əvəz Ələkbərov və Pakistanın maliyyə naziri Ömər Əyyub Xan, Azərbaycan Respublikası və Pakistan İslam Respublikası aviasiya hakimiyyətləri arasında əməkdaşlıq haqqında protokolu “Azərbaycan Hava Yolları” Dövlət Konserninin baş direktoru Cahangir Əsgərov və Pakistanın müdafiə naziri Tariq Vasim Qazi imzaladılar.