RƏSMİ XRONİKA
AZƏRBAYCAN-POLŞA ƏLAQƏLƏRİNİN DAHA DA İNKİŞAF ETDİRİLMƏSİ ÜÇÜN GENİŞ İMKANLAR VAR
AZƏRTAC xəbər verir ki, Polşa Prezidenti Lex Kaçinski martın 31-də Milli Məclisə gəlmişdir.
Parlamentin binası qarşısında ali qonağı Milli Məclisin sədri Oqtay Əsədov və digər rəsmi şəxslər qarşıladılar.
Ali qonaq əvvəlcə Milli Məclisin iclas salonu ilə tanış oldu, sonra Milli Məclisin sədri Oqtay Əsədovun və Polşa Prezidenti Lex Kaçinskinin təkbətək görüşü oldu.
Sonra görüş geniş tərkibdə davam etdirildi. Oqtay Əsədov ölkələrimizin dostluq əlaqələrindən söhbət açaraq dedi ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra bu münasibətlər yeni müstəvidə inkişaf etməyə başlamışdır. Bu baxımdan dövlətlərimizin başçılarının xüsusi rolu olmuşdur. Prezidentlərimizin qarşılıqlı səfərləri zamanı imzalanmış çoxsaylı sənədlər qarşılıqlı əlaqələrin möhkəmlənməsi üçün zəmin yaratmışdır. Sizin Azərbaycana rəsmi səfəriniz, imzalanmış Birgə bəyannamə münasibətlərimizin daha da genişlənməsinə öz müsbət təsirini göstərəcəkdir.
Milli Məclisin sədri parlamentlərarası əlaqələrin də möhkəmlənməsinin zəruriliyini bildirdi, bu işdə dostluq qruplarının müsbət rolunu və parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğuladı.
Oqtay Əsədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verdi, Azərbaycanın haqlı mövqeyini və ərazi bütövlüyünü dəstəklədiyinə görə, Polşanın dövlət başçısına minnətdarlığını bildirdi.
Polşa Prezidenti Lex Kaçinski dedi ki, əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün geniş imkanlar vardır. Hər iki ölkənin hökumətləri və nazirlikləri arasında ikitərəfli və çoxtərəfli səviyyədə əməkdaşlıq uğurla davam edir. Biz çox istəyirik ki, bu əlaqələr daha da güclənsin.
Ali qonaq parlament diplomatiyasının əhəmiyyətindən də danışdı, Polşa Senatında Azərbaycan Milli Məclisi ilə dostluq qrupunun yaradılacağına əminliyini vurğuladı. Polşa Prezidenti Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində imkanların tükənmədiyini bildirdi.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun, müavin Valeh Ələsgərovun, Aparatın rəhbəri Səfa Mirzəyevin və digər rəsmi şəxslərin iştirak etdikləri görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.