Azərbaycan Premyer Liqası: “Neftçi” öz meydanında qələbə qazanıb
Bakı, 13 mart, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, "Neftçi" klubu "Bakcell Arena"da "Sumqayıt"ı qəbul edib. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.
Görüşdə hesabı 17-ci dəqiqədə Emin Mahmudov açıb. "Gənclik şəhəri" təmsilçisi 24-cü dəqiqədə Rəhim Sadıxovun qolu ilə hesabı bərabərləşdirib. Oyunda son nöqtəni də Emin Mahmudov qoyub. Matçın 82-ci dəqiqəsində penaltidən fərqlənən 30 yaşlı yarımmüdafiəçi komandasına qələbə qazandırıb.
Qarşılaşmanın 84-cü dəqiqəsində qonaqların heyətində R.Sadıxov zədələnərək meydanı tərk edib.
Bu nəticədən sonra xallarını 34-ə çatdıran "ağ-qaralar" 3-cü pilləyə yüksəlib. "Sumqayıt" isə 13 xalla yeddincidir.
Qeyd edək ki, ilk oyun günündə "Keşlə" səfərdə "Səbail"ə 3:0, "Qarabağ" isə "Sabah"a 1:0 hesabı ilə qalib gəlib. Bu gün keçirilməli olan "Qəbələ" - "Zirə" matçı isə güclü qar səbəbindən 65-ci dəqiqədə dayandırılıb. Martın 14-nə təxirə salınan qarşılaşma saat 12:30-da qaldığı dəqiqədən davam etdiriləcək.