AZƏRBAYCAN PREZİDENTİ BRİTANİYA BİZNESMENİNİ QƏBUL ETMİŞDİR
Respublika Prezidenti özünün bu yaxınlarda Böyük Britaniyaya səfəri haqqında qonaqlara qısa məlumat vermiş və bildirmişdir ki, həmin səfər zamanı mühüm dövlətlərarası sənədlər imzalanmışdır. Bunların sırasında iqtisadi əməkdaşlığa dair protokollar, o cümlədən Xəzərin Azərbaycana məxsus hissəsində neft yataqlarının birgə işlənməsi barədə protokol var. Heydər Əliyev demişdir: “Mən Londonda işgüzar dairələrin nümayəndələri ilə görüşdüm, onlara fəal əməkdaşlıq etməyi - birgə müəssisələr yaratmağı, investisiyalar qoymağı təklif etdim. Buna görə də konkret fikirlər və ideyalar ilə ölkəmizə gələn biznesmenləri qəbul etməyimizə şadıq”.
Freyzer Morrison səmimi qəbul üçün minnətdarqlıq edərək konsernin işinin xüsusiyyəti, dünyanın müxtəlif ölkələri ilə əlaqələri barədə Azərbaycan Prezidentinə qısa məlumat vermişdir. “Morrison Konstrakşn Qrupp” Britaniyada xüsusi tikinti ilə məşğul olan iri konserndir. Eyni zamanda, Yaxın Şərqdə və Şərqi Avropa ölkələrində də uğurla fəaliyyət göstərir. Təkcə onu demək kifayətdir ki, Morrisonun konserni İran körfəzində müharibə qurtardıqdan dərhal sonra bərpa işlərinə görə Küveyt hökumətinin mükafatını almış yeganə Avropa şirkətidir.
Daha sonra cənab Morrison Bakıda iri mehmanxana kompleksinin, biznes mərkəzinin, ofislərin, yaşayış evlərinin tikintisinə dair planlarından danışmışdır. Konsernin başçısı qeyd etmişdir ki, bu obyektlərin tikilməsi, şübhəsiz, Azərbaycana xarici biznesmenləri cəlb etməyin daha bir amili olacaqdır.
Heydər Əliyev bu təşəbbüsü bəyənmiş, eyni zamanda qeyd etmişdir ki, onun tezliklə reallaşmasını arzulayır və istərdi ki, bu işə investisiya qoyuluşu Avropa Yenidənqurma və İnkişaf Bankı vasitəsilə həyata keçirilsin.
Qəbulda Baş nazirin müavini Əli Təhməzov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Rəfael Allahverdiyev iştirak etmişlər.
Aslan Aslanov
AZƏRTAC-ın müxbiri