AZƏRBAYCAN PREZİDENTİ CƏNUBİ KOREYADA YENİ ŞƏHƏRLƏRİN SALINMASI LAYİHƏLƏRİNİ YÜKSƏK QİYMƏTLƏNDİRMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Seuldan 50 kilometr aralıda yerləşən Panq Yo yeni şəhər informasiya mərkəzinə gəlmişdir.Dövlətimizin başçısı İlham Əliyevi və xanımı Mehriban Əliyevanı mərkəzin rəhbərliyi böyük hörmət və ehtiramla qarşıladı.
Cənubi Koreya Torpaq Korporasiyasının prezidenti Ce Hyun Kim Azərbaycan Prezidentinə mərkəz barədə ətraflı məlumat verdi. Bildirildi ki, yeni şəhər informasiya mərkəzində bütün işlər korporasiya tərəfindən həyata keçirilir və idarə olunur. Ərazilərin səmərəli şəkildə inkişafı və idarəçiliyin təmin olunması üçün 1975-ci ildə yaradılan korporasiya Cənubi Koreyanın iqtisadi inkişafının təmin olunmasına, həyat şəraiti standartlarının yaxşılaşdırılmasına, ətraf mühitin qorunmasına çalışır. Torpaq, daşınmaz əmlak və tikinti üzrə ixtisaslaşmış 2200 nəfərlik peşəkar heyəti, 9 filialı olan korporasiyanın əmlakının dəyəri təxminən 14 milyard dollar, kapitalı isə 4 milyard dollardır.
Prezident İlham Əliyev və Azərbaycan nümayəndə heyətinin üzvləri şəhərsalma infrastrukturundan bəhs edən filmə baxdılar, yeni şəhərsalma layihələri və onların maketləri ilə yaxından tanış oldular.Məlumat verildi ki, “Yeni şəhərlərin inkişafı” ilə bağlı ilk layihəyə 1990-cı ildən başlanmış, həmin mərhələdə 5 şəhərcik tikilmişdir. İkinci mərhələyə isə 2000-ci ildən başlanmış və daha 5 şəhərcik salınmışdır. Layihələrin əsas cəhəti müasir texnologiyaların tətbiqinə ətraf mühitin qorunmasına üstünlük verilməsidir. “Təmiz şəhər” devizi altında işlər görülür. Yeni yaşayış massivlərində 29 min mənzildə 88 min əhali yaşayacaq. Yeni şəhərlərin ərazisinin 38 faizi yaşıllıq olacaqdır. Koreyalı mütəxəssislər Azərbaycanda bu sahədə çalışmaq istədiklərini bildirdilər.
Prezident İlham Əliyev bu işləri yüksək qiymətləndirdi, korporasiyanın ölkəmizdə konkret iş görməsi üçün imkanların olduğunu bildirdi. O dedi ki, biz bu təcrübədən yararlanaraq, Azərbaycanda yeni şəhərsalma layihələri həyata keçirmək niyyətindəyik.