AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ALMANİYANIN BİR SIRA ŞİRKƏTLƏRİNİN RƏHBƏRLƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR
![]() |
![]() |
Görüşdə “Şərqi və Mərkəzi Avropa Birliyi” Cəmiyyətinin rəhbəri, “Accumulatorenverke Hoppecke Gmbh” şirkətinin idarə heyətinin sədri Klaus Ksolner onları qəbul etdiyinə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirdi və Almaniya şirkətlərinin Azərbaycana böyük maraq göstərdiyini söylədi.
Görüşdə Azərbaycanın indiki inkişaf səviyyəsindən istifadə olunmasının zəruriliyi, ölkəmizdə bir çox layihələrin həyata keçirildiyi vurğulanmış, bir sıra proqramların reallaşdırılması məsələsi ətrafında fikir mübadiləsi aparılmışdır. Ekoloji layihələrin icrası perspektivlərindən də söhbət getdi.
Azərbaycanın beynəlxalq əməkdaşlıq sahəsində nümunəvi ölkə olduğunu deyən Almaniya nümayəndələri bu yaxınlarda Yevlaxda maliyyələşdirdikləri layihəni başa çatdıracaqlarını, habelə bir sıra universitetlərlə əməkdaşlıq qurmaq, digər sahələr üzrə əlaqə yaratmaq istədiklərini bildirdilər.
Görüşdə Bakı və Sumqayıtın, ümumiyyətlə, Abşeronun ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı əməkdaşlıq barədə də faydalı müzakirələr aparıldı. Almaniyanın Kredit və Yenidənqurma Bankının (KFW) idarə heyətinin üzvü Haynrix Hayms Avropanın və dünyanın digər ölkələrində də stimullaşdırıcı bank kimi fəaliyyət göstərərək, maliyyə ixracı və layihə maliyyələşdirməsi sahələrində əməkdaşlıq etdiklərini, məsləhət və digər xidmətlər göstərdiklərini bildirdi. Bankın səhmlərinin 80 faizi Almaniya hökumətinə, qalan 20 faizi federal əyalətlərə məxsusdur. Almaniyanın 10 ən iri bankından biri olan KFW 1994-cü ildən Azərbaycanda həyata keçirilən müxtəlif layihələrdə fəal iştirak edir.
“Euler Hermes Kreditverşixerungs AG” şirkəti də görüşdə təmsil olunurdu. Bu şirkətin əsas fəaliyyəti alman iş adamları tərəfindən xaricdə biznes fəaliyyətinin qurulması üçün əldə etdikləri kreditlərin sığortalanmasından ibarətdir.
60 ölkədə nümayəndəlikləri olan “ThussenKrupp Services AG” şirkəti polad və polad məmulatları, digər sənaye məhsulları istehsalı və bu sahələr üzrə xidmətlərin göstərilməsi üzrə dünyanın aparıcı şirkətlərindən biridir. Son 2-3 ildə şirkətin illik gəliri 12-13 milyard avro olmuşdur. Uçot, hesablama və konsaltinq xidmətləri və digər fəaliyyət sahəsi ilə məşğul olan “Price Vaterhous Coopers” şirkəti də Azərbaycanda çalışmaq istəyini bildirdi. “MAN Ferrostaal AG” şirkətinin təmsilçiləri də Azərbaycanla energetika, metallurgiya, neft kimyası, polad istehsalı, gəmiqayırma və sair sahələrdə əməkdaşlıq etmək arzusunda olduqlarını vurğuladılar.
Sonra söhbət süfrə arxasında davam etdirildi.

