RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ALMANİYANIN İQTİSADİYYAT VƏ YENİ TEXNOLOGİYALAR NAZİRİ İLƏ GÖRÜŞMÜŞDÜR
AZƏRTAC-ın xüsusi müxbirləri xəbər verirlər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasına rəsmi səfərinin üçüncü günü, fevralın 16-da “Almaniya İqtisadiyyat Evi”ndə iqtisadiyyat və yeni texnologiyalar naziri Mixael Qlos ilə görüşmüşdür.
Azərbaycan ilə Almaniya arasında əməkdaşlığın yüksək səviyyədə olduğu vurğulanan görüşdə nazir Mixael Qlos ölkəmizin son illər əldə etdiyi iqtisadi inkişafı yüksək dəyərləndirdi, bu ilin oktyabrında böyük nümayəndə heyəti ilə birlikdə Azərbaycana səfərə gəlmək istədiyini, alman şirkətlərinin bir sıra mühüm layihələrdə iştirak etmək arzusunda olduqlarını bildirdi. Səfərdən məqsəd Azərbaycan Prezidentinin Almaniyaya rəsmi səfəri zamanı keçirdiyi görüşlərdə verilən təkliflərin bir daha araşdırılması, əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi və konkret işə başlanılmasıdır.
Prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün potensialın mövcud olduğunu söylədi və Almaniya nümayəndə heyətinin Azərbaycana səfərə gəlmək istəyini razılıqla qarşıladı.