AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ALMANİYANIN XARİCİ İŞLƏR NAZİRİ FRANK-VALTER ŞTAYNMAYERİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Prezident sarayında Almaniya Federativ Respublikasının xarici işlər naziri Frank-Valter Ştaynmayeri qəbul etmişdir.Dövlətimizin başçısı qonağa müraciətlə dedi: Xoş gəlmisiniz cənab nazir! Çox şadam ki, qısa müddət ərzində sizinlə ikinci dəfə görüşürəm.
Mən Almaniyaya səfərimdən çox razıyam. Bu səfər, şübhəsiz, bizim münasibətlərimizi yeni səviyyəyə gətirib çıxaracaqdır. Sizin bizim regiona səfərinizin də böyük əhəmiyyəti var və əminəm ki, bu səfər də çox uğurlu olacaqdır. Mən Almaniyada olduğum zaman həm siyasi, həm iqtisadi, həm də bütün başqa sahələrə dair məsələləri çox geniş müzakirə elədim. Bütün sahələrdə çox yaxşı inkişaf var. Bir daha xoş gəlmisiniz.
Nazir Frank-Valter Ştaynmayer minnətdarlıq edərək dedi: Çox sağ olun, cənab Prezident! Çox sevinirəm ki, belə qısa müddətdə Sizinlə yenə görüşürəm. Səfərdən əvvəl mən çox böyük hazırlıq işi apardım və bizim mətbuatda Azərbaycan haqqında çıxan hər bir məqaləni oxudum, çox yaxşı məlumatım var. Sizi əmin etmək istəyirəm ki, Almaniya tərəfi həm Sizin səfərinizdən, həm də iqtisadi nümayəndə heyətinin fəaliyyətindən çox razı qaldı. Ümid edirəm ki, Sizin bu səfərinizdən sonra əlaqələrimiz yeni bir səviyyəyə qədəm qoyacaqdır.