AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ARGENTİNANIN ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də Prezident sarayında Argentina Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sebastyan Lukas Bruqo Markonun etimadnaməsini qəbul etmişdir.Səfir Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Sebastyan Lukas Bruqo Marko etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Xatirə şəkli çəkdirildi.
Prezident İlham Əliyev səfir Sebastyan Lukas Bruqo Marko ilə səmimi söhbət etdi. Səfir Argentina Prezidentinin salamını Azərbaycanın dövlət başçısına çatdırdı.
Prezident İlham Əliyev bildirdi ki, indiyə qədər iki ölkə arasında əlaqələr bir o qədər fəal olmamışdır. Dövlətimizin başçısı səfirin fəaliyyəti sayəsində bu əlaqələrə təkan veriləcəyinə ümidvar olduğunu vurğulayaraq dedi ki, Azərbaycan Argentina ilə əməkdaşlığın inkişafında maraqlıdır.
Ölkəmizin Argentinada səfirliyinin açılmasına qərar verildiyini xatırladan Prezident İlham Əliyev bunu Azərbaycanın iki ölkə arasında əlaqələrin inkişafına verdiyi əhəmiyyətin əyani təzahürü kimi səciyyələndirdi.
Səfir Sebastyan Lukas Bruqo Marko ikitərəfli əlaqələrin inkişafında yeni mərhələnin başlayacağına əminliyini bildirdi və bu baxımdan səyini əsirgəməyəcəyini söylədi.