AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV AŞPA MONİTORİNQ KOMİTƏSİNİN AZƏRBAYCAN ÜZRƏ HƏMMƏRUZƏÇİLƏRİNİ QƏBUL ETMİŞDİR
Qonaqları səmimi salamlayan Azərbaycanın dövlət başçısı AŞPA monitorinq komitəsinin həmməruzəçilərindən ibarət yeni tərkibdə nümayəndə heyətinin ölkəmizə səfərinin Azərbaycanla Avropa Şurası Parlament Assambleyası arasında uğurlu əməkdaşlığın daha da inkişaf etdirilməsi işinə xidmət edəcəyinə ümidvarlığını ifadə etdi. Həmməruzəçilərin Azərbaycanda səfərdə olduqları müddətdə səmərəli danışıqlar apardığını və onların bölgələrə səfərlərinin planlaşdırıldığını məmnunluq hissi ilə qeyd edən Azərbaycan Prezidenti bütün bunların ölkəmizdə son illərdə müxtəlif sahələrdə əldə olunmuş uğurların Avropa ictimaiyyətinə daha geniş şəkildə çatdırılması baxımından əhəmiyyətli olduğunu söylədi.
Səmimi qəbula görə minnətdarlığını bildirən Andreas Qross Azərbaycan üzrə Estoniyadan olan yeni həmməruzəçini Azərbaycanın dövlət başçısına təqdim etdikdən sonra, ölkəmizdə səfərdə olduqları müddətdə keçirdiyi görüşlər barədə cənab İlham Əliyevə məlumat verdi. Dərin dəniz özülləri zavodunda və Səngəçal terminalında olduqlarını bildirən Andreas Qross bu müəssisələrdə çalışan azərbaycanlılar üçün çox gözəl şərait yaradıldığını vurğulayaraq yerli işçi qüvvəsinə münasibətdən böyük məmnunluq hissi keçirdiyini bildirdi.
Sonra ölkəmizlə Avropa Şurası Parlament Assambleyası arasında əməkdaşlığın müxtəlif sahələri üzrə fikir mübadiləsi aparıldı.
Qəbulda Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin başçısı Səməd Seyidov iştirak edirdilər.