AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BELARUS RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİ ƏNVƏR BARİYEVİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Prezident sarayında Belarus Respublikasının fövqəladə hallar naziri Ənvər Bariyevi qəbul etmişdir.
Dövlətimizin başçısı Azərbaycanla Belarus arasında əməkdaşlığın müxtəlif sahələr üzrə uğurla inkişaf etdiyini bildirdi. Ötən il Belarus Respublikasına səfərini xatırlayan Prezident İlham Əliyev bu səfərin ikitərəfli münasibətlərimizin inkişafı baxımından əhəmiyyətini vurğuladı. Ölkələrimizin müxtəlif qurumları arasında əməkdaşlığın vacibliyini nəzərə çatdıran dövlətimizin başçısı fövqəladə hallar nazirlikləri arasında əməkdaşlığın əlaqələrimizin daha da genişlənməsi işinə töhfə verəcəyinə əminliyini bildirdi.
Belarus Respublikasının fövqəladə hallar naziri Ənvər Bariyev ölkəsinin Azərbaycanla geniş əməkdaşlıqda maraqlı olduğunu söylədi. O, fövqəladə hallar nazirlikləri arasında əlaqələrin uğurla inkişaf etdiyini bildirdi, Azərbaycanın fövqəladə hallar nazirliyi ilə əməkdaşlığın gələcəkdə də davam edəcəyinə ümidvar olduğunu vurğuladı.