AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BELARUSUN BAŞ NAZİRİ SERGEY SİDORSKİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də Prezident sarayında Belarusun Baş naziri Sergey Sidorskini qəbul etmişdir.
Dövlətimizin başçısı Azərbaycan ilə Belarus arasında ikitərəfli münasibətlərin inkişafından məmnun olduğunu bildirdi. O, Belarusa rəsmi səfərindən qısa müddət keçməsinə baxmayaraq, əlaqələrimizin daha da genişləndirilməsi istiqamətində artıq konkret nəticələrin əldə olunduğunu vurğuladı. Prezident İlham Əliyev Belarusun Baş nazirinin Azərbaycana səfərinin iki ölkə arasında əlaqələrin bundan sonra da inkişafına öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi.
Sergey Sidorski Belarusun Prezidenti Aleksandr Lukaşenkonun salamlarını Prezident İlham Əliyevə çatdırdı. O, Belarus Prezidentinin Azərbaycana bu yaxınlarda həyata keçiriləcək rəsmi səfərinə hazırlıq işlərinin aparıldığını və bu səfərin əlaqələrimizin daha da möhkəmlənməsinə mühüm töhfə verəcəyini bildirdi. Belarusun Baş naziri Azərbaycan Prezidentinin Belarusa səfəri zamanı imzalanmış sənədlərin həyata keçirilməsi sahəsində görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi.
Prezident İlham Əliyev Belarusun Prezidenti Aleksandr Lukaşenkonun salamlarına görə minnətdarlığını bildirdi və özünün də salamlarını ona çatdırmağı xahiş etdi.