AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ƏLCƏZAİRİN ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 6-da Prezident sarayında Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İsmayıl Əllavinin etimadnaməsini qəbul etmişdir.Səfir Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından keçdi.
İsmayıl Əllavi etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Xatirə şəkli çəkdirildikdən sonra səfirlə səmimi söhbət edən Prezident İlham Əliyev ölkələrimizin qarşılıqlı münasibətlərinin sürətlə inkişaf etdiyini, Azərbaycan və Əlcəzairin müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlığının olduğunu bildirdi.
İsmayıl Əllavi ikitərəfli münasibətlərin yüksək səviyyəsinin Əlcəzair tərəfində də məmnunluq doğurduğunu vurğuladı.
Daha sonra siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıldı.