AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV FİLİPPİNİN ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 6-da Prezident sarayında Filippin Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bahnarim Quinomlanın etimadnaməsini qəbul etmişdir.Səfir Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Bahnarim Quinomla etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Xatirə şəkli çəkdirildi.
Sonra Prezident İlham Əliyev ilə Filippin diplomatı arasında səmimi söhbət oldu.
Səfir Filippin Prezidentinin salamını Azərbaycan Prezidentinə çatdırdı, ölkəmizdə fəaliyyəti dövründə ikitərəfli əlaqələrin inkişafına çalışacağını bildirdi.
Prezident İlham Əliyev özünün də salamının Filippin Prezidentinə çatdırılmasını səfirdən xahiş etdi. Dövlətimizin başçısı dedi ki, Azərbaycan ilə Filippin arasında əməkdaşlıq hələ fəal deyil, amma bir sıra sahələrdə əlaqələri genişləndirmək üçün potensial imkanlar var.
Azərbaycan Prezidenti səfirin iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsinə töhfələr verəcəyinə ümid bəslədiyini bildirdi və ona gələcək fəaliyyətində uğurlar arzuladı.