AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV FİNLANDİYANIN TERİYASONERA ŞİRKƏTİNİN PREZİDENTİ ANDERS İGELİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da Prezident sarayında Finlandiyanın TERİYASONERA şirkətinin prezidenti Anders İgeli qəbul etmişdir.
Dövlətimizin başçısı Finlandiya Prezidentini Azərbaycana rəsmi səfərdə müşayiət edən nümayəndə heyətinin tərkibində bu şirkətin də təmsilçilərinin olduğunu qeyd edərək, Prezident Tarya Halonen ilə bu gün keçirdiyi görüşü məmnunluqla xatırlatdı. Prezident İlham Əliyev sentyabrın 30-da Bakıda iki ölkənin iş adamları arasında keçiriləcək biznes forumu çox əlamətdar hadisə adlandırdı.
Bu şirkətin regionda çox fəal işlədiyini vurğulayan dövlətimizin başçısı Azərbaycan ilə Finlandiya arasında iqtisadi əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əmin olduğunu bildirdi.
Rəhbərlik etdiyi şirkətin Skandinaviyada və regionda ən aparıcı operator olduğunu bildirən cənab Anders İgel dedi ki, TERİYASONERA bir sıra ölkələrdə öncül yer tutur. Ölkəmizdə gördüyü iqtisadi inkişafı möcüzə adlandıran qonaq ümumi daxili məhsulun artımına görə Azərbaycanın dünyada ən öndə getdiyini bildirdi. Cənab Anders İgel dedi ki, Azərcell şirkəti ilə birgə fəaliyyətində Azərbaycanda ümumi daxili məhsulun belə sürətlə artmasının daha yaxından şahidi olmuşdur. O bildirdi ki, Azərbaycanda Azərcell-in abunəçilərinin sayı artaraq 1,6 milyona çatmışdır. Şirkət indiyədək Azərbaycana 335 milyon ABŞ dolları məbləğində sərmayə qoymuşdur və bunun 400 milyon ABŞ dollarına çatdırılması planlaşdırılır.