AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV GÜRCÜSTANIN BAŞ NAZİRİ ZURAB NOĞAİDELİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Prezident sarayında ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Baş naziri Zurab Noğaidelini qəbul etmişdir.
Dövlətimizin başçısı İlham Əliyev qonağı salamlayaraq, iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyasının Gəncədə keçirilən iclasının yekunlarından, Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrinin inkişafından, ölkələrimiz arasında əmtəə dövriyyəsinin getdikcə artmasından razı qaldığını bildirdi. Prezident İlham Əliyev vurğuladı ki, Gürcüstanın mötəbər nümayəndə heyətinin Azərbaycana səfəri ölkələrimiz arasında istər ikitərəfli, istərsə də regional əsasda səmərəli qarşılıqlı fəaliyyətin inkişafında daha bir mərhələ olacaqdır.
Gürcüstanın Baş naziri Zurab Noğaideli qəbula görə Prezident İlham Əliyevə təşəkkür edərək, Azərbaycanın ikinci sənaye şəhəri olan Gəncənin, habelə paytaxtımızın müasir simasında baş vermiş müsbət dəyişiklikləri, geniş tikinti işlərini, sənaye əhəmiyyətli yeni obyektlərin və yaşayış binalarının inşasını yüksək qiymətləndirdi.
Azərbaycan Prezidenti dedi ki, regionların inkişaf etdirilməsi dövlətimizin siyasətinin öncül istiqamətidir, bununla əlaqədar müvafiq proqram qəbul olunmuşdur və uğurla həyata keçirilir.