AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İRANIN XARİCİ İŞLƏR NAZİRİ KAMAL XƏRRAZİNİ QƏBUL ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, yanvarın 24-də Azərbaycan Prezidenti İlham Əliyev Tehranda onun üçün ayrılmış “Bustan” iqamətgahında İranın xarici işlər naziri Kamal Xərrazini qəbul etmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevi mehribanlıqla salamlayan və onunla hər bir görüşdən məmnunluğunu bildirən cənab Kamal Xərrazi dövlətimizin başçısının İrana ilk rəsmi səfərinin ölkələrimiz arasındakı əlaqələrin daha sürətlə inkişafına təkan verəcəyini və ikitərəfli münasibətlərdə əsaslı dönüş yaradacağını vurğuladı. O, Azərbaycan-İran münasibətlərinin daim inkişaf etdiyini xatırladaraq dedi ki, ölkələrimizin bütün sahələrdəki, xüsusən energetika, kommunikasiya, nəqliyyat sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni imkanlar vardır. Nazir bir çox mühüm layihələrin, o cümlədən avtomobil və dəmir yolları ilə bağlı mühüm layihələrin həyata keçirilməsinin Azərbaycan və İran, eləcə də bölgənin digər ölkələri üçün böyük əhəmiyyəti olacağını söylədi.
İrana ilk rəsmi səfərindən razılıqla söz açan, Tehranda Prezident Xatəmi ilə keçirdiyi görüşü, apardığı danışıqları çox mühüm, əhəmiyyətli hesab edən Prezident İlham Əliyev ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlıq üçün yeni mərhələnin başlandığını və geniş imkanlar açıldığını vurğuladı. Xalqlarımızın qədim tarixi, milli-mənəvi, dini, mədəni yaxınlığından söhbət açan dövlətimizin başçısı bütün sahələrdə qarşılıqlı surətdə faydalı əlaqələrin perspektivli olduğunu dedi və münasibətlərin gələcəkdə daha da genişləndirilməsi üçün əməli addımların atılmasının vacibliyini bildirdi.
Görüşdə Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı məsələlər, ümumən iqtisadi layihələr, habelə bölgədə vəziyyət, Xəzərin statusunun müəyyənləşdirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaşiqəsinin sülh yolu ilə həll edilməsi və hər iki ölkəni maraqlandıran bir sıra mühüm məsələlər barədə fikir mübadiləsi aparıldı.