AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İSLANDİYANIN ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 6-da Prezident sarayında İslandiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Benedikt Asgeyrssonun etimadnaməsini qəbul etmişdir.Səfir Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Benedikt Asgeyrsson etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Xatirə şəkli çəkdirildi.
Səfirə Azərbaycandakı fəaliyyətində uğurlar arzulayan Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin çox da geniş olmadığını bildirdi. Eyni zamanda vurğuladı ki, Azərbaycan və İslandiya coğrafi baxımdan bir-birindən uzaq məsafədə yerləşsələr də, müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi vacibdir.
Benedikt Asgeyrsson bu işdə bütün imkanlardan istifadə edəcəyini söylədi.