AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İSVEÇİN ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 6-da Prezident sarayında İsveç Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hans Qunner Adenin etimadnaməsini qəbul etmişdir.Səfir Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Hans Qunner Aden etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Xatirə şəkli çəkdirildi.
Prezident İlham Əliyev səfir Hans Qunner Aden ilə səmimi söhbət etdi. Azərbaycanın artıq Avropa ailəsinin üzvü olduğunu vurğulayan səfir ölkələrimiz arasında ikitərəfli əlaqələrin də inkişafına öz töhfələrini verəcəyini bildirdi.
Prezident İlham Əliyev müstəqil Azərbaycanın ötən illərdə Avropaya inteqrasiya etdiyini, Avropa İttifaqı ilə çox fəal münasibətləri olduğunu söylədi. Azərbaycanın artıq Avropa İttifaqının qonşusu olduğunu xatırladan dövlətimizin başçısı Aİ ilə əməkdaşlığın daha da möhkəmləndirilməsində İsveçin də dəstəyini gücləndirəcəyinə, səfirin isə bu baxımdan səyini əsirgəməyəcəyinə əminliyini bildirdi.
Azərbaycana hələ 35 il öncə gəldiyini söyləyən Hans Qunner Aden ölkəmizdə böyük dəyişikliklərin baş verdiyini, Azərbaycanın Avropa İttifaqı ilə yeni qonşuluq siyasətinə qoşulmasını İsveçin də bəyəndiyini vurğuladı. O, Aİ ilə əməkdaşlıqda ölkəsinin zəngin təcrübəsini respublikamızla bölüşməyə hazır olduğunu söylədi.