AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İSVEÇRƏNİN ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də Prezident sarayında İsveçrə Konfederasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Valter Qaygerin etimadnaməsini qəbul etmişdir.Səfir Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Valter Qayger etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Xatirə şəkli çəkdirildi.
Sonra səfir Valter Qayger ilə səmimi söhbət edən Prezident İlham Əliyev xatırlatdı ki, təxminən bir ay öncə İsveçrənin dövlət başçısı ilə Davosda görüşmüş və faydalı müzakirə aparılmışdır. Azərbaycan Prezidenti aparılan ətraflı fikir mübadiləsi nəticəsində ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün bütün imkanların olduğu qənaətinə gəldiklərini vurğuladı.
Səfir Valter Qayger Bakıda fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin genişləndirilməsinə çalışacağını bildirdi.