AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV LATVİYANIN ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR
Bakı, 29 sentyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da Latviya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hardiys Baumanisin etimadnaməsini qəbul etmişdir.
Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Səfir Hardiys Baumanis etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.
Xalqlarımız arasında yaxın və səmimi münasibətlərin olduğunu deyən dövlətimizin başçısı Azərbaycanda Latviyanın yaxşı tanındığını dedi. Əlaqələrimizin inkişafından danışan Prezident İlham Əliyev yaxın illərdə bu əlaqələrin daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirdi. Bu yaxınlarda Latviyanın sabiq dövlət başçısı Vayra Vike- Freyberqanın ölkəmizə səfərinə toxunan Prezident İlham Əliyev xanım Vayra Vike-Freyberqa ilə bundan əvvəlki səfərlər və beynəlxalq təşkilatlar çərçivəsində keçirdiyi görüşləri məmnunluqla xatırladı.
Hardiys Baumanis Latviyanın sabiq Prezidenti Vayra Vike- Freyberqanın ölkəmizə səfərindən məmnunluq hissi keçirdiyini və Azərbaycandan yaxşı təəssüratlarla ayrıldığını dedi. Latviyanın Azərbaycan ilə əməkdaşlığın daha da genişləndirilməsinə maraqlı olduğunu vurğulayan səfir dövlət başçılarının yüksək səviyyəli qarşılıqlı səfərlərinin ikitərəfli münasibətlərimizin inkişafındakı əhəmiyyətini qeyd etdi.
######
![]() |
![]() |

