AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV LİTVANIN ƏDLİYYƏ NAZİRİ GİNTAUTAS BUJİNSKASI QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da Prezident sarayında Litvanın ədliyyə naziri Gintautas Bujinskası qəbul etmişdir.
Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin uğurla inkişaf etdiyini bildirdi. Prezident İlham Əliyev Litva Prezidenti Valdas Adamkus ilə müxtəlif beynəlxalq təşkilatlar çərçivəsindəki tədbirlərdə keçirdiyi görüşlərini məmnunluqla xatırlatdı.
Azərbaycan-Litva əlaqələrinin inkişaf səviyyəsindən məmnunluğunu ifadə edən dövlətimizin başçısı əmin olduğunu bildirdi ki, cənab Gintautas Bujinskasın Bakıya səfəri ölkələrimizin ədliyyə orqanları arasında əməkdaşlığın inkişafına xidmət edəcəkdir.
Litvanın ədliyyə orqanlarında görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verən Gintautas Bujinskas ölkələrimizin ədliyyə orqanlarının çox uğurlu əməkdaşlıq etdiyini bildirdi. Qonaq əmin olduğunu söylədi ki, bu əməkdaşlıq bundan sonra da davam etdiriləcəkdir.