AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MAKEDONİYANIN ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 6-da Prezident sarayında Makedoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Melpomeni Kornetinin etimadnaməsini qəbul etmişdir.Səfir Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Xanım Melpomeni Korneti etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Xatirə şəkli çəkdirildikdən sonra Prezident İlham Əliyev ilə xanım Melpomeni Korneti arasında səmimi söhbət oldu. Ölkələrimiz arasında 12 ildir diplomatik əlaqələrin mövcud olduğunu xatırladan səfir Azərbaycanla Makedoniyanın siyasi münasibətlərinin yüksək səviyyəyə çatdığını vurğuladı. O, iqtisadi sahədə də əməkdaşlığın həmin səviyyəyə qaldırılmasının vacibliyini söylədi. Xanım Melpomeni Korneti dedi ki, bu məqsədə çatmaq üçün yüksək səviyyədə qarşılıqlı səfərlər faydalı ola bilər.
Prezident İlham Əliyev bu cür səfərlərin təşkilini dəstəklədiyini vurğuladı, səfirə gələcək fəaliyyətində uğurlar arzuladı.