AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MEKSİKANIN ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 6-da Prezident sarayında Meksika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Salvador Kampos İkardonun etimadnaməsini qəbul etmişdir.Səfir Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Salvador Kampos İkardo etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Xatirə şəkli çəkdirildi.
Prezident İlham Əliyev səfir Salvador Kampos İkardo ilə səmimi söhbət etdi, ona fəaliyyətində uğurlar arzuladı, ölkələrimiz arasında əlaqələrin genişlənəcəyinə ümidvar olduğunu bildirdi. Dövlətimizin başçısı dedi ki, Azərbaycan Meksikada səfirliyini açmaq niyyətindədir və bu da respublikamızın iki ölkə arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini göstərir.
Azərbaycanda ölkəsini təmsil etməkdən şərəf duyduğunu vurğulayan səfir Salvador Kampos İkardo dövlətlərimiz arasında əlaqələrin güclənməsi üçün səyini əsirgəməyəcəyini bildirdi.