AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MİLLİ PARKDA YENİCƏ İSTİFADƏYƏ VERİLMİŞ MUSİQİLİ FƏVVARƏYƏ BAXMIŞDIR

![]() |
![]() |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 28-də dənizkənarı Milli parkda yenicə istifadəyə verilmiş musiqili fəvvarəyə baxmışdır.
Azərbaycanın sürətli iqtisadi inkişafı respublikamızın bütün bölgələrində, o cümlədən paytaxt Bakıda da beynəlxalq standartlar səviyyəsində yenidənqurma və abadlıq işlərinin aparılmasına geniş imkanlar açır. Dünyanın müxtəlif ölkələrindən Azərbaycana gələn rəsmi qonaqlar, iş adamları, turistlər qədim və həmişəcavan Bakının sürətlə inkişaf etdiyini, görkəmini günbəgün dəyişdiyini vurğulayırlar. Elə bu günlərdə istifadəyə verilmiş musiqili fəvvarə də özünəməxsusluğu ilə seçilir, Bakıya xüsusi yaraşıq verir və şübhəsiz ki, bura sakinlərin, eləcə də paytaxtımızın qonaqlarının ən sevimli istirahət guşələrindən birinə çevriləcəkdir.
Fəvvarəyə tamaşa edən Prezident İlham Əliyev Milli parkın bu hissəsində həyata keçiriləcək əlavə tədbirlər barədə tövsiyə və göstərişlərini verdi, həmin fəvvarənin ölkəmizin paytaxtını daha da gözəlləşdirdiyini vurğuladı. Dövlətimizin başçısı paytaxtın başqa yerlərində də belə fəvvarələrin yaradılması barədə tapşırıq verdi.