AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MOLDOVANIN BAŞ NAZİRİ VASİLE TARLEVİ QƏBUL ETMİŞDİR
![]() |
![]() |
Dövlətimizin başçısı qonaqları səmimiyyətlə salamlayaraq dedi ki, hökumətdə keçirilən görüşdə, komissiyanın iclasında ikitərəfli əlaqələrə dair məsələləri müzakirə etmisiniz. Azərbaycan Moldova ilə iqtisadi sahədə əməkdaşlığın fəallaşmasına ümid bəsləyir. İki ölkənin siyasi münasibətləri çox uğurla inkişaf edir, Moldova Prezidentinin Azərbaycana və Azərbaycan Prezidentinin Moldovaya rəsmi səfərləri olmuşdur. Prezident İlham Əliyev dedi: “Biz beynəlxalq təşkilatlar çərçivəsində də, ikitərəfli səviyyədə də fəal işləyirik”. Dövlətimizin başçısı iqtisadi əməkdaşlığın yaxşı perspektivləri olduğundan danışaraq əminliyini bildirdi ki, Moldova Baş nazirinin səfəri iki ölkənin ticarət-iqtisadi münasibətlərinin inkişafına təkan verəcəkdir. Azərbaycan Prezidenti dedi: “Potensial mövcuddur, ikitərəfli iqtisadi əlaqələr üçün imkanlar və onları inkişaf etdirmək arzusu var. Biz müttəfiq, tərəfdaş ölkələrik. Ona görə də fəal əməkdaşlığa ümid bəsləyirik”.
Vasile Tarlev Azərbaycan dövlətinin başçısına minnətdarlığını bildirərək dedi ki, bu, Moldova Baş nazirinin Azərbaycana ilk rəsmi səfəridir. Azərbaycan-Moldova hökumətlərarası komissiyası iclasının yekunu olaraq, müxtəlif sahələrdə əməkdaşlıq haqqında altı saziş imzalanmışdır. Moldova ilə Azərbaycan arasında heç bir siyasi problem yoxdur. Baş nazir vurğuladı ki, iki ölkənin hökumətləri, nazirlikləri və baş idarələri arasında yaxşı münasibətlər yaranmışdır. Biz ikitərəfli və çoxtərəfli səviyyədə kifayət qədər uğurla əməkdaşlıq edirik.

