AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV PAKİSTANIN XARİCİ İŞLƏR NAZİRİ XURŞİD MAHMUD KASURİNİ QƏBUL ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, aprelin 12-də Azərbaycan Prezidenti İlham Əliyev onun üçün ayrılmış iqamətgahda - “Marriott” mehmanxanasında Pakistanın xarici işlər naziri Xurşid Mahmud Kasurini qəbul etmişdir.
Dövlətimizin başçısı Bakıda Prezident Pərviz Müşərrəf ilə keçirdiyi görüşü xatırlatdı və onunla bir çox məsələləri müzakirə etdiyini bildirərək dedi ki, ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğu bir daha təsdiqlənmişdir, bir-birimizi beynəlxalq məsələlərdə dəstəkləməkdə davam edirik. Prezident Pərviz Müşərrəfin Azərbaycana səfərinin ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsində böyük rolu olmuşdur. Pakistanla Azərbaycan arasında əməkdaşlığın daha da genişlənməsi üçün böyük potensial vardır.
Görüşdə vurğulandı ki, Kəşmir və Dağlıq Qarabağ məsələsində ölkələrimiz bir-birini dəstəkləyir. Ümumiyyətlə, qloballaşma dövründə münaqişələrin həlli məsələsində beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT-də xüsusi bir mexanizmin işlənib hazırlanması vacibdir.
Prezident İlham Əliyev Azərbaycanın işğal edilmiş ərazilərində erməni əhalisinin qeyri-leqal məskunlaşdırılması məsələsinin müzakirəsi zamanı BMT-də qəbul olunmuş qətnamənin Pakistan tərəfindən möhkəm dəstəklənməsinə görə təşəkkürünü bildirdi.
Görüşdə ölkələrimiz arasında ticarət dövriyyəsinin siyasi əlaqələr səviyyəsində olmadığı vurğulandı. Bildirildi ki, iqtisadi əlaqələrin genişləndirilməsi, ticarət dövriyyəsinin həcminin artırılması baxımından iş adamlarının qarşılıqlı səfərləri, biznes forumların keçirilməsi zəruridir.
Sonra regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.