AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV PAYTAXTDA TİKİLMƏKDƏ OLAN ÇOXMƏRTƏBƏLİ YAŞAYIŞ BİNASININ UÇDUĞU YERƏ GƏLMİŞDİR
AZƏRTAC xəbər verir ki, avqustun 29-da Azərbaycan Prezidenti İlham Əliyev Bakının Yasamal rayonunun ərazisində, Murtuza Muxtarov və Məhəmməd Naxçıvani küçələrinin kəsişməsində tikilməkdə olan çoxmərtəbəli yaşayış binasının uçması ilə əlaqədar hadisə yerinə gəlmişdir.
Dövlətimizin başçısı qəza yerində xilasetmə işlərinin gedişi ilə tanış olmuşdur. 
Prezident İlham Əliyevə məlumat verildi ki, yaşayış üçün nəzərdə tutulmuş çoxmərtəbəli binanın uçması nəticəsində tikintidə çalışanlar arasında ölən və yaralananlar var. Uçmuş binanın yaxınlığında vətəndaşlara məxsus nəqliyyat vasitələrinə də ziyan dəymişdir. Hadisə baş verdikdən dərhal sonra Fövqəladə Hallar Nazirliyinin, Bakı Şəhər Prokurorluğunun və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə əraziyə baxış keçirilmiş, zəruri texniki vasitələrdən istifadə edilməklə dağıntılar altında qalması ehtimal
olunan şəxslərin xilas edilməsi ilə bağlı tədbirlər görülməyə başlanmışdır. Faktla bağlı avqustun 28-də Cinayət Məcəlləsinin 222.1.2 və 222.2 maddələri ilə Bakı Şəhər Prokurorluğu tərəfindən cinayət işi açılıb və istintaq qrupu yaradılıbdır. Tikintini aparan “Mütəfəkkir” MMC-nin rəhbərliyi həbs olunub və cinayət işi üzrə şahidlər dindirilir. Yaralılar xəstəxanalarda yerləşdirilib, onlara təcili tibbi yardım göstərilibdir.
Dövlətimizin başçısı xilasetmə işlərinin sürətləndirilməsi, qəzanın səbəblərinin araşdırılması, habelə həlak olanların ailələrinə və yaralılara lazımi kömək göstərilməsi barədə tapşırıqlar vermişdir.