AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV QAZAXISTANIN BAŞ NAZİRİ KARİM MASİMOVU QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Prezident sarayında Qazaxıstanın Baş naziri Karim Masimovu qəbul etmişdir.
Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirdi. Prezident İlham Əliyev Karim Masimovu Qazaxıstan Respublikasının Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik etdi, ona fəaliyyətində uğurlar arzuladı.
Baş nazir Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin salamlarını Azərbaycan dövlətinin başçısına çatdırdı. O, ölkələrimizin uğurlu əməkdaşlığını vurğulayaraq bildirdi ki, Azərbaycana səfəri zamanı müzakirə olunan məsələlər xalqlarımızın və dövlətlərimizin mənafeləri naminə əməkdaşlığımızın daha da möhkəmlənməsi işinə öz töhfəsini verəcəkdir.
Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin salamlarına görə minnətdarlığını bildirdi və onun da salamlarını Qazaxıstanın dövlət başçısına çatdırmağı xahiş etdi.