AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV QAZAXISTANIN MANGİSTAU VİLAYƏTİNİN HAKİMİ KRİMBEK KUŞERBAYEVİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Prezident sarayında Qazaxıstan Respublikasının Mangistau vilayətinin hakimi Krimbek Kuşerbayevi qəbul etmişdir.
Krimbek Kuşerbayev Azərbaycanda təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi strategiyanın Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirildiyini və bu sahədə ölkəmizin böyük nailiyyətlər əldə edərək, regionda iqtisadi cəhətdən lider dövlətə çevrildiyini vurğuladı. O, ölkəmizə səfəri zamanı Azərbaycanla birgə əməkdaşlığa dair konkret perspektiv layihələr ətrafında müzakirələr aparıldığını qeyd etdi.
Dövlətimizin başçısı Azərbaycanla Qazaxıstanın dinamik surətdə inkişaf etdiyini vurğulayaraq, həyata keçirilən birgə layihələrin hər iki ölkə üçün böyük əhəmiyyət kəsb etdiyini bildirdi. Prezident İlham Əliyev ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən enerji, nəqliyyat sahələrində uğurla inkişaf etdiyini xatırladaraq, ayrı-ayrı regionlarla əməkdaşlığın bu əlaqələrin daha da genişlənməsinə xidmət etdiyini vurğuladı.