AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV QƏTƏRİN ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də Prezident sarayında Qətər Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Əbdülrəzzaq Al Əbdülqəninin etimadnaməsini qəbul etmişdir.Səfir Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Əbdülrəzzaq Al Əbdülqəni etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Xatirə şəkli çəkdirildi.
Sonra Prezident İlham Əliyev ilə Qətər diplomatı arasında səmimi söhbət oldu. Səfir Qətər Əmirinin salamını Azərbaycan Prezidentinə çatdırdı, ölkələrimiz arasında əlaqələrin inkişafı üçün səy göstərəcəyini dedi.
Qətərə rəsmi səfərini xatırladan Prezident İlham Əliyev onun salamlarının Əmirə çatdırılmasını xahiş etdi. Dövlətimizin başçısı bildirdi ki, tezliklə Qətər Dövlətində Azərbaycanın səfirliyi açılacaq və bu, əməkdaşlığın inkişafına təkan verəcəkdir.