RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV RUSİYANIN TƏHSİL VƏ ELM NAZİRİ ANDREY FURSENKONU QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Qəbələ Rayon İcra Hakimiyyətinin binasında Rusiya Federasiyasının təhsil və elm naziri Andrey Fursenkonu qəbul etmişdir.
Prezident İlham Əliyev qonağı salamlayaraq dedi ki, bu səfər Sizin üçün təkcə Azərbaycanın paytaxtı Bakı şəhəri ilə yox, həm də ölkəmizin regionları ilə tanışlıq, bölgələrdə gedən sosial-iqtisadi inkişafı əyani şəkildə görmək üçün gözəl bir fürsətdir. Dövlətimizin başçısı Azərbaycan ilə Rusiya arasında bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də əməkdaşlığın uğurla davam etdiyini bildirdi və dedi ki, məndə olan məlumata görə, Siz səfəriniz çərçivəsində keçirdiyiniz görüşlər zamanı ətraflı fikir mübadiləsi aparmış, əməkdaşlığın konkret məsələlərini müəyyənləşdirmisiniz.
Andrey Fursenko dövlətimizin başçısına təşəkkür edərək bildirdi ki, həqiqətən də, Sizinlə bu görüşün Qəbələ rayonunda keçirilməsi məndə dərin, zəngin təəssürat yaratmışdır. Səfərim zamanı biz ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin gücləndirilməsi üçün layihələrin həyata keçirilməsi ilə əlaqədar səmərəli söhbətlər apardıq.