AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV RUSİYANIN TƏHSİL VƏ ELM NAZİRİ ANDREY FURSENKONU QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qəbələ rayonuna səfəri çərçivəsində martın 2-də rayon icra hakimiyyətinin binasında Rusiya Federasiyasının təhsil və elm naziri Andrey Fursenkonu qəbul etmişdir.Görüşdə Azərbaycan ilə Rusiya arasında əlaqələrin bütün sahələrdə, o cümlədən təhsil sahəsində uğurla inkişaf etdiyi vurğulandı.
Prezident İlham Əliyev nazir Andrey Fursenkonun Azərbaycana budəfəki səfərinin iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinə təkan verəcəyini bildirdi.
Nazir respublikamıza, o cümlədən Qəbələyə səfərinin onda Azərbaycan həqiqətləri, ölkəmizin sürətli sosial-iqtisadi inkişafı barədə dolğun təsəvvür və zəngin təəssürat oyatdığını söylədi. O, təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, konkret layihələrin reallaşdırılması üçün səyini əsirgəməyəcəyini bildirdi.