AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV SLOVENİYANIN ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də Prezident sarayında Sloveniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mitja Ştrukelin etimadnaməsini qəbul etmişdir.Səfir Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Mitja Ştrukel etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Xatirə şəkli çəkdirildi.
Sonra Mitja Ştrukel ilə səmimi söhbət edən Prezident İlham Əliyev onun salamlarını Sloveniyanın Prezidenti, Baş naziri və xarici işlər nazirinə çatdırmağı səfirdən xahiş etdi. Sloveniyaya rəsmi səfərini xatırladan Azərbaycanın dövlət başçısı bildirdi ki, həmin səfər zamanı ikitərəfli əlaqələrimizin müxtəlif aspektləri barədə fikir mübadiləsi aparılmışdır və səfərin nəticələrindən çox məmnundur.
Səfir Mitja Ştrukel Sloveniya Prezidentinin salamını dövlətimizin başçısına çatdıraraq dedi ki, Azərbaycan Prezidentinin Sloveniyaya səfəri ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsinə yeni imkanlar açmışdır. Diplomat bildirdi ki, Sloveniya Prezidentinin də Azərbaycana rəsmi səfəri gözlənilir.