AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TACİKİSTANIN BAŞ NAZİRİ AKİL AKİLOVU QƏBUL ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də Düşənbədə, onun üçün ayrılmış iqamətgahda Tacikistan Respublikasının Baş naziri Akil Akilovu qəbul etmişdir.
Prezident İlham Əliyevin bu rəsmi səfərini tarixi hadisə adlandıran Akil Akilov Azərbaycanda son illər əldə olunan iqtisadi inkişafdan məmnunluqla danışdı və bundan öz ölkəsinin də faydalanmaq fikrində olduğunu bildirdi. O, ölkələrimiz arasında əməkdaşlıq sahəsində potensial imkanların çox geniş olduğunu vurğuladı və dedi ki, əsas elektroenergetika, mədən sənayesi, neft-qaz sektoru, ümumiyyətlə, faydalı qazıntıların hasilatı sahəsində Azərbaycanın təcrübəsindən yararlanaraq, əlaqələri daha da genişləndirmək zəruridir. Kənd təsərrüfatı, infrastruktur, yolların və körpülərin salınması istiqamətində layihələr həyata keçirilə bilər.
Prezident İlham Əliyev bildirdi ki, iki ölkə arasında əməkdaşlığa regional xarakter vermək daha perspektivli və faydalıdır, əlaqələrin genişləndirilməsi üçün konkret sahələr üzrə işçi qruplarının yaradılması əhəmiyyətlidir.
X X X
Martın 15-də Düşənbədə, Dövlət iqamətgahında Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonovun adından Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə rəsmi qəbul təşkil edilmişdir.
X X X
Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistana rəsmi səfəri davam edir.